Elm cəmiyyət üçündür!Bəs bizdə cəmiyyət elm üçündürmü?
I Məqalə
İnsan mövcüdluq uğrunda aparılmış mücadilənin bir neçə minilliyindən sonra öz həyatını dəyişməyə məcbur oldu. Tək və qapalı həyat onu heyvandan fərqləndirmirdi - çünki. Əvvəlcə o, qəbiləni tayfa həyatına dəyişdi. Sonra tayfalararası münaqişələrdən onların birləşməsi baş tutdu. Lakin feodal üsul-idarəsi də insan həyatını təhlükələrdən qurtarmadı, rifah halını yaxşılaşdırmadı, insanlığı çox irəliyə aparmadı və onu Yer üzünün əşrəfinə çevirmədi. İnsanlığın fərdi-əqli-zəka keyfiyyətləri genişləndirdikcə, oturuşduqca o daha əvvəlki kimi yaşaya bilmir, daim həyatını dəyişməyə və yaxşılaşdırmağa çalışırdı. Ağıl-şüur insanın başına bəla deyildi və bu ona heç nahaq verilməmişdi. Məhz təfəkkür keyfiyyətləri artaraq ibtidai elmə və mədəniyyət hadisəsinə çevrilırdi. Düşüncənin fəaliyyətə çevrilməsi mədəniyyət hadisəsi olduğu qədər də elm hesab edilməlidir. Çünki elm də mədəniyyətin tərkib hissəsidir. Amma təbii ki, zaman keçdikcə bu formula olduğu kimi qala bilməzdi. Buraya yaradıcı düşüncə anlayışı əlavə edildikdə “Daha çox mədəniyyət hadisəsi daha çox elmi fikir formalaşdırır”. Bu isə artıq sağlam həyatın dialektikasıdır və bunsuz inkişaf mümkün deyil. Elm formalaşdıqca insan həyatının sürətini artırdı, məqsədlərini genişləndirdi, rifah halını yüksəltməyə, həyatını mənalandırmağa və birgəyaşayış normalarını mükəmməlləşdirməyə başladı. Bu əvvəlcə özünü dini inanclar kimi biruzə verdi. İnam və əxlaq olmayan yerdə mədəniyyət tam və bütövləşə bilməz. Bu həm də ibtidai fəlsəfənin yaranışı demək idi. Heç nahaq yerə fəlsəfəni müdriklik haqda elm hesab etmirlər. Məhz insan müdrikləşdikcə Allahını tanıdı. Allahı tanıdıqdan sonra ona İlahi bilgilər verildi və nəticədə bu bilgilər insan təfəkküründə qəbul edilərək formalaşdırıldı, əsil elm halına gəldi. Elm anlayışının şərhini filosoflar müxtəlif cür versələr də bir sadə izahı da, təfəkkürdə dolaşan ideyaların ifadə olması kimi qəbul edilir. Bu ideyaları sözə çevirmək üçün fərdin zəngin söz ehtiyyatı olmalıdır. Zəngin söz ehtiyatı isə təhsil və mütaliədən keçir. Bunu kütləvi elm kimi də başa düşmək olar. Zaman keçdikcə elm və həyat bir-birinə bağlı və bir-birinə xidmət etməli oldu. Bu isə ayrılmaz vəhdət halını yaratdı. Bu vəhdətdən ilkin olaraq cəmiyyət həyatı doğmağa başladı. Şüur zəkaya çevrildikcə insan daha ali həyat qurmaq barədə düşündü. Eyni düşüncələr bir-birini tez tapdı, birləşdi, zənginləşdi. Ayrı-ayrı fərdlərin birgəyaşayışı oba, kənd və şəhərləşmə prosesini doğurdu. “Mədəniyyət” anlayışı ərəbcə “mədinətun” sözündən götürülmüşdür və şəhər məvhumunu ehtifa edir.Yalnız elmi təfəkkür daha geniş məkan tələb edə bilər. Bütün dinlər də məhz şəhərdə elan və qəbul edildikdən sonra yayıldı, tanındı, özünü təsdiq etdi. Oba və kəndlərdə həyat sürəti canlı təbiətin sürətindən daha üstün ola bilməzdi. İlk model kimi tanınan qala-şəhərlərdə cəmiyyət həyatı nisbətən daha qaynar idi və sürətin üstünlüyü cəmiyyəti daha da inkişaf etdirməyə və problemləri çözməyə sövq edirdi. Ona görə birgəyaşayış qanunları, qaydaları müəyyənləşdi. Bu qanun-qaydalara əməl edən şərə sakinləri “polis” adlandı. Müasir dövrdəki “polis” vəzifəsi də məhz bu xüsusiyyətinə görə götürülmüşdür. İndi daha böyük cəmiyyət, daha böyük mədəniyyət mərkəzi olan möhtəşəm şəhərlər heç nahaq yerə “meqa-polis” adlanmır. Amma bu vəziyyət vəhşi qaydalara əməl edilərək yaranmayıb. Burada şəksiz xidmətlər elmə məxsusdur. Nadan, əxlaqsız, savadsız və deməli, mədəniyyətsiz insanların möhtəşəm cəmiyyəti qurula bilməzdi. Elm təkcə fəlsəfədən ibarət deyil. Amma həm də elmin əsasını fəlsəfə - düşüncə təşkil edir. Heç nahaq yerə indi alimliyin ilk pilləsi sayılan elmlər namizədi elmi dərəcəsi fəlsəfə doktoru adı ilə əvəzlənməyib. Fəlsəfənin cilalanması ondan digər konkret və əməli elmlərin yaranmasına səbəb oldu. Nəticədə riyaziyyat, həndəsə, kimya, fizika və digər elmlər yarandı. Bütün elmlər yalnız insan həyatının rifah halının yaxşılaşdırılmasına yönəlir. Bu hətta dağıdıcı silahların yaranmasına səbəb olsa da, müdafiə xarakteri daşıdığına görə konkret cəmiyyət həyatının qorunmasına xidmət edir. Elə olduğu üçün elmin inkişafı cəmiyyətin ən başlıca vəzifəsi kimi dərk olunmalıdır. Cəmiyyətin (ölkənin, dövlətin, ailənin, fərdin,..) yaşaması, inkişaf etməsi elmdən kənar heç nəyə bağlanmır. Cəmiyyət elmi elmin naminə deyil, həm də özünə görə inkişaf etdirməkdə maraqlıdır. “Elm elm üçündür” anlayışı nə qədər cazibədar və ya nə qədər fövqəlbəşər səslənsə də, əslində dolayısı yolla da olsa, yenə elm yalnız insan həyatına xidmət edir. Elmin inkişafı birinci növbədə onun öyrənilməsindən və ötürülməsindən asılıdır. Elm unudulmasın deyə yeni nəslə ötürülməlidir. Yeni nəsl ona hökmən öz əlavələrini edəcək, onu cilalayacaq və deməli, inkişaf etdirəcək. Yaradıcılıq xüsusiyyəti insanın zəkasından və deməli, xislətindən gəlir. Fərd təkcə yeni bir insan yaratmır, həm də bütün köhnəlikləri dəyişərək, inkişaf etdirərək hər şeyin yenisini yaradır. Xaliq heç nahaq yerə bəşərə özünün yaradıcılıq xüsusiyyətindən verməmişdir. Şüur verməsəydi zəka, idrak, təfəkkür yaranmazdı. Bunlardan isə yaradıcılıq doğur. Yaradıcılıq xüsusiyyəti doğmasaydı insanlıq çoxdan tükənər, özü özünü bitirərdi. Yaradıcılıq daha çox mədəniyyət-incəsənət hadisəsi sayılır. Elm də yalnız yaradıcılıq duyğusu hesabına inkişafa meyillənir. Lakin inkişaf taleyin ümidinə buraxılarsa, elm cəmiyyət həyatının tələblərindən, onun sürətindən geri qalar və nəticədə cəmiyyət həyatı anlaşıqsız hala düşər, amansız qarşıdurmalardan qurtula bilməz, ən yaxşı halda isə başqa xalqların elmi nailiyyətlərindən asılı qalar. Elm mədəniyyət hadisəsi olduğu üçün onun geriləməsi, tamamilə başqa xalqların təsiri altına keçməsi və deməli, mədəniyyətimizin tədricən başqa mədəniyyətlərin təsiri altına düşməsi və deqredasiyaya (aşınmaya) uğraması həm də xalqın sonu demək olacq. Təbii ki, elm bəşəri nəaliyyət olduğu üçün tam şəkildə milli sayılmaz. Amma hər bir xalq bəşər elminə yalnız öz töhvələrini verərək ondan bəhrələndikdə özünün milli mədəniyyət keyfiyyətini – simasını qoruyub saxlaya bilir. Elm həmişə ictimai həyatın fövqündə durmalı, onu öz arxasıyca çəkməlidir. Sanki qaranlıqda yanan və ya irəlidə görünən işıq kimi. Bu işığın sürətinini, gücünü artırmaq isə onun daha geniş yayılmasından və deməli, daha geniş öyrənilməsindən asılıdır. Bunu təkcə ayrı-ayrı fərdlərin- alimlərin ümidinə buraxmaq yaramaz. İnsanlıq buna görə də kütləvi təhsil alma metoduna üstünlük vermişdir. Son üç əsrə qədər elm yalnız kralların, şahların, sultanların marağına, mənafeyinə xidmət məqsədilə saraylarda inkişaf edirdi. Amma bu yolla bütünlüklə cəmiyyəti irəli aparmaq yaramayacaqdı. İnsanların əksəriyyəti elmsiz-savadsız olduğu üçün ziddiyyətlər də artırdı. İnqilablar heç nahaq yerə yaranmır. Harmoniya pozulduqda inqilablar da qaçılmaz olur. İnqilabları boğmaq və ya inqilabdan sonrakı eyforiyanı zərərsizləşdirmək üçün çox vaxt müharibələrə gedilir. Müharibələr həm də yığılmış mənfi enerjini ixrac etmək üçündür. Mənfi enerji birinci növbədə ahəngdarlığın, harmoniyanın pozulmasından qaynaqlanır. Bunlar isə mədəni (həm də oxu: elmi) səviyyə aşağı düşdükdə baş verir. İnsan zəkası hər cür ziddiyyətləri həll etməyə qadirdir. Zəkanın özü də elmin inkişafına bağlıdır. Zəkalı, elmi insanların çoxluq təşkil etdiyi cəmiyyətdə heç vaxt ziddiyyətlər yaranmır, kəskinləşmir, inqilaba, üsyana və kəskin qiyamlara çevrilmir. Mədəni səviyyəsi yüksək olan zəkalı insanları heç bir kənar qüvvə yoldan çıxarda bilməz. Şimali Afrika dövlətlərini çulğamış son dövrün inqilab dalğası ərəb dövlətlərində cəmiyyətin elmi (mədəni) səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi ilə də əlaqədardır. Ərəb ölkələrində olmuş hər kəs yaxşı bilir ki, orada cəmiyyət iqtisadi cəhətdən firavan yaşasa da yerli istehsala aid heç nə yoxdur, cəmiyyətin elmi və deməli, mədəni səviyyəsi hədsiz dərəcədə aşağıdır. Elə yerdə insan haqları kobud şəkildə pozular, insanlar həşarat kimi öldürülər və ya asanlıqla yoldan azdırılar. Heç nahaq yerə hələ çar Rusiyasında ölkənin inkişafını maariflənmə ilə bağlamırdılar. Bizi Rusiya ilə çox şey bağlayır – eləcə elmə münasibət də. Bir çox feodal dövlətlər xalqın mariflənməsinə maraq göstərmirdilər. Ağıllı adamların çox olduğu ölkəni ədalətsiz qərarlarla ram və istisimar etmək çətin olar deyə. Amma savadlı, təhsilli, elmli cəmiyyəti zülm və səfalət təsiri altında saxlamağa ehtiyac da olmur. Çünki onlar cəmiyyəti və dövlətin özünü də inkişaf etdirirlər. Azad insanların yaşadığı dövlət də daim azad və qüdrətli olacaq. Elmsiz insan azad sayılmaz və ya onun həyatı ali dərəcəyə yüksəlməz. Adi həyat sürən zəkasız insanların çoxluğu qeyd etdiyimiz kimi, cəmiyyəti çürüdə, durğunluğa məruz qoya və dağıda bilər. SSRİ böyüklükdə nəhəng bir dövlət həm də savadsızlığın, elmsizliyin badına getdi. Ölkənin elmi (mədəni) səviyyəsi yüksəlməyərək durğunluğa uğradı. Bu heç də o demək deyil ki, Sovet hökuməti tamam savadsız və elmsiz idi. Dünyanın digər bir qütbündə o dayanırdı. Lakin cəmiyyətin elmi səviyyəsi durğunluğa məruz qalmışdı. SSRİ-də rüşvət hesabına alınan ali təhsil ölkəni yarımçıq mütəxəssislərin ümidinə buraxmışdı. Rüşvətin doğurduğu bu cür təhsillilər elmi deyil, yalnız rüşvəti inkişaf etdirməyə qadir idi. Açıq müharibələrə, hücumlara və iqtisadi qıtlıqlara tab gətirmiş qüdrətli SSRİ cəmiyyətin elmi yükünün aşağı düşməsi ilə gicgahından zərbə almış nəhəng kimi birdən tirşab yıxıldı. Bununla da böyük əksəriyyətin taxdığı ziyalı (elmli, mədəni insan) maskası yırtıldı və SSRİ xalqları birdən bir-birinə qarşı müharibələrə başladı, bütün iqtisadi əlaqələri məhv etdi, xarici ölkələrə işləyən agentlər ordusu yarandı. Bir daha qeyd edək ki, elmə yol təhsildən keçir. Cəmiyyət elmi inkişaf etdirməli, elm isə cəmiyyət həyatını irəli aparmalıdır! Lakin cəmiyyət də özbaşına və sahibsiz sayılmaz. Onun da başında dövlət durur. Deməli, Dövlət elmin inkişafına birbaşa məsuldur. Əksər dövlətlər elmə ciddi diqqət göstərir və buna görə ölkədə təhsilə diqqəti artırır. Ölkəmiz də hazırda bu yolla gedir. Lakin bizim hazırki təhsil sistemi cəmiyyəti irəli aparacaq gücdədirmi? Heç nahaq yerə elmlər akademiyası Milli Elmlər Akademiyası adlanmır. Bu, dövlətin diqqətinin göstəricisidir. Hər il bu böyük elm hövzəsinə yüz milyonlarca manat vəsait sərf olunur. Lakin ölkələrdə elmi təfəkkür heç də təkcə dövlət nəzarəti altında olan strukturlarda formalaşmır. Bundan ötrü müxtəlif elmi cəmiyyətlər, ordenlər, gildiyalar, QHT-lər yaradılır. Ölkəmizdə qeyri-hökumət xarakterli neçə belə elmi birlik var? Heç əl barmaqlarımızı da saymağa dəyməz. Hazırda Azərbaycan cəmiyyəti özünün elmi nəaliyyətlərinə nə qədər bağlıdır? Heç bir ölkədə bu faiz 50-ni keçməz. Çünki bütünlüklə dünya elmindən kənar ölkə və xalq yoxdur. Amma bu ən azı 25%-ə bərabər olduğu halda cəmiyyət və dövlət qüdrətlidir. Bunu Yaponiya və ya İzrail kimi kiçik dövlətlərin şəxsində görmək olar. Onlar dünya elminə böyük töhvələr verərək, öz cəmiyyətində də aparıcı mövqedədirlər. Buna görə də Yapon mədəniyyəti özünün qədimliyini tam mühafizəkarlıqla qoruya bilmişdir. Silahlı və güclü rəqibə qarşı silahsız döyüşüb onlara qalib gəlmək yollarını ( samuraylıq, katate, kunfu və sair) düşünə bilən xalqın elmi zəkası əlbəttə güclüdür. Bəs torpaqları işğal olunmuş ölkə sayılaraq bizdə vəziyyət necədir?.. Heç kəs iddia edə bilməz ki, vəziyyət “yaponcadır”. Məncə daha çox “ruscadır”! Çünki onlar da elə bizim günümüzdədir. Fərq orasındadır ki, bizim elmi potensialımız çox güclüdür. Yeri düşmüşkən, yapon dilində söyüş kəlmələri yoxdur. Yəqin ona görə ki, onların mədəni səviyəsi çox yüksək olduğundan söyüşün mənasını dərk etmirlər. Söyüş duyğularını elmi təfəkkürə çevirib, onu dəqiq zərbə halında gerçəkləşdirə bilən Yaponiyada yalnız dənizçilər söyüş söyür – o da rus dilində. Biz elmimizin formatını Rusiya modeli və rus təfəkküründən uzaqlaşdırıb yapon təfəkkürünə yaxınlaşdırmalıyıqmı? Məncə... məncə onları nəzərdə tutaraq, milli təfəkkürümüzü elə özümüzün əsil milli mədəniyyətinə - elminə kökləməliyik. Bu elmin kontrlarını cızmaq zamanı çoxdan çatmışdır. Çünki yalnız elmi təfəkkürü yüksək olan cəmiyyət mədəni cəmiyyət sayılır. Bizdə hələki xırda biznes təfəkkürü ictimai şüura hakimlik edir.